Təhsil

10 illik iştirak tarixində ən yaxşı nəticə

Məktəblilərimiz Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında 6 medal qazandı

Sentyabrın 9-13-də virtual formatda Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası keçirilib. 18 ölkədən 108 iştirakçının qatıldığı müsabiqədə iştirak edən şagirdlərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, yarışa qatılan 6 məktəblinin hər biri medala layiq görülüb. Bununla da məktəblilərimiz Yeniyetmələrin Balkan riyaziyyat olimpiadalarından 2020-2021-ci tədris ilinədək ümumilikdə 2 qızıl, 17 gümüş və 22 bürünc medal qazanıb. Qaliblər Bakı məktəbliləri – Təhsil Nazirliyinin tabeliyindəki  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin, 257 nömrəli tam orta məktəbin və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdləridir.

Bu yarışın qızıl medalçısı

Toğrul Abbasov bu yarışın qızıl medalçısıdır. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdidir. 7-ci sinifdən olimpiadalara qatılır. Ölkə əhəmiyyətli və beynəlxalq olimpiadalardan qazandığı çoxlu uğurları var. İndiyədək 3 qızıl, 2 gümüş, 2 bürünc və 1 həvəsləndirici mükafata layiq görülüb. Virtual yarışda qazandığı bu son uğur o birilərdən fərqlənir: “Beynəlxalq müsabiqələrə əyani şəkildə qatılmaq daha maraqlıdır. Müxtəlif ölkələrə gedirik, çoxlu həmyaşıdlarımızla, ayrı-ayrı ölkələrin şagirdləri ilə tanış oluruq. Bu isə bizim dünyagörüşümüzə müsbət təsir edir. Olimpiada imtahanlarında isə yerindən, formatından asılı olmayaraq, stress, həyəcan olur. Bu baxımdan, onlayn keçirilən bu yarış da mənim üçün əvvəlkilər qədər həyəcanlı, stresli, qazandığım uğur isə əvvəlkilər qədər dəyərlidir”.

3 gümüş medal

Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında ölkəmizi təmsil edən komandanın tərkibində bir qız da var – Fidan Qarayeva. Hələ IX sinif şagirdi olsa da, təhsil ictimaiyyəti onu yaxşı tanıyır.

13 yaşında qatıldığı 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazandığı bürünc medalla həmin Olimpiadanın tarixinə adı ən gənc qalib kimi düşüb. Bu dəfə isə – Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında qazandığı gümüş medal onu fərqləndirdi. Sözügedən olimpiadada əvvəlki illərdə iki bürünc medal qazanan qızlarımız olsa da, onun medalı qız məktəblilərimizin indiyədək bu yarışda qazandığı ilk gümüşdür: “Pandemiyaya görə bu il mart ayından başlayaraq Beynəlxalq olimpiadalar virtual şəkildə keçirilir. Əlbəttə, ənənəvi formata daha çox üstünlük verirəm, çünki başqa ölkələrin olimpiadaçıları ilə tanış oluruq, imtahanlarda isə əsl yarış mühiti yaranır. Virtual formada keçirilməyinə baxmayaraq, Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadası çox yaxşı təşkil olunmuşdu. İmtahanda olimpiada mühitini hiss etdik. Bundan əvvəl virtual formada keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışdım”.

“Uğurlarımın əsasında məhz o hazırlıq dayanır”

Beynəlxalq müstəvidə qazandığı uğurlarında beynəlxalq olimpiadalara hazırlıq mərkəzindəki hazırlığın rolunu istisna etməyən  Bakı məktəblisinin fikrincə, virtual imtahanlar ənənəvi imtahanlardan fərqlənməsə də, onlayn dərslər eyni effekti vermir: “5 ilə yaxındır ki, Beynəlxalq hazırlıq mərkəzində məşğul oluram və bugünkü uğurlarımın əsasında məhz o hazırlıq dayanır. Ən çox İsmət Ağayevin dərslərindən faydalandım. Sonralar başqa  müəllimlərin dərslərində də iştirak edirdim. Pandemiyadan sonra dərslər virtual keçirilir. Ona görə evdə müstəqil məşğul olmağa daha çox üstünlük verirəm. Atam riyaziyyatçıdır, məni hazırlaşdırır. Fikrimcə, olimpiadalara hazırlıq mərkəzində ənənəvi formada keçirilən dərslər daha effektlidir”.

Qeyd edək ki, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bu tədris ilindən təhsilini Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirəcək.

“Azərbaycanı beynəlxalq olimpiadada təmsil etmək çox gözəl hissdir”

Amin Cəfərzadə də Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasının gümüş medalçısıdır. Fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxuyur: “Karantinlə bağlı olaraq hazırlıqlarımız onlayn keçirilirdi. Buna baxmayaraq, səylə, ciddi hazırlaşdıq. Nəticəmiz də uğurlu oldu. Bu, ölkəni tərk etmədən beynəlxalq olimpiadada ilk iştirakım deyildi. Ötən il də iştirak etdiyimdən mənim üçün  daha rahat oldu. Azərbaycanı beynəlxalq olimpiadada təmsil etmək çox gözəl hissdir”.

Beynəlxalq bilik yarışının növbəti gümüş medalçısı Elçin Musazadə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdidir: “İlk dəfə  VI sinifdə oxuyarkən fənn müsabiqələrinə qatıldım. O yarışda qazandığım gümüş medal olimpiadada ilk uğurum oldu. Daha sonra olimpiada hazırlıq mərkəzində riyaziyyat ilə ciddi məşğul olmağa başladım. VIII sinifdə həm Yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında, həm də respublika olimpiadasında bürünc medal qazandım. IX sinifdə daha ciddi hazırlaşmağa başladıq.  Uğur qazandığımız bu sonuncu yarışda komanda olaraq yaxşı nəticə göstərdik”.

Və bürünc medalçılar

Şamil Mantaşlı onlardan biridir. O da Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir: “Məktəbimizdə təhsilə çox önəm verirlər. Yoldaşlarımızın çoxu müxtəlif olimpiadalarda fəal iştirak edirlər. Elə bu olimpiadada medal qazanan Toğrul və Amin də sinif yoldaşlarımdır. Bir sinifdən 3 nəfər iştirak etdik və üçümüz də uğur qazandıq”.

Şamil Mantaşlı Fizika, riyaziyyat və informatika təmayüllü liseyə Binəqədi qəsəbəsindəki 182 saylı məktəbdən gəlib: “Liseyə imtahanla yüksək bal yığaraq qəbul olmuşam. Belə bir yarışda iştirak etmək həm qürurverici, həm də maraqlıdır. İlk dəfə beynəlxalq bir yarışda iştirak etdim. Həyəcanlıydım. Onlayn keçirilən bir yarışa da ilk dəfə qatılırdım. Amma hər kəs kimi, mən də medalçılardan olmağı bacardım. Bütün iştirakçıların  medal qazanması çox yaxşı oldu. Bundan sonra da öz üzərimdə çalışacağam. Daha çox çalışacağam ki, növbəti yarışlarda  ölkəmizi daha yaxşı təmsil edim”.

“Əsas hədəfim qızıl medal qazanmaqdır”

Cəlil Hüseynov da bürünc medalçıdır. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdidir: “Aşağı sinifdə oxuyarkən bir çox bilik yarışmasının qalibi olmuşam. VI sinifdə riyaziyyat fənni üzrə məktəblilərarası IV Fənn müsabiqəsində I yerə layiq görülmüşəm. Həmin il Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında da I yerin qalibi olmuşam. 2019-cu ildə Amerikan Riyaziyyat Olimpiadasında I yer tutdum. Bütün bu nailiyyətlərimə baxmayaraq, respublika və beynəlxalq olimpiadaların qalibi olmaq istəyirdim. Bunun üçün də çox çalışmalıydım. Gün ərzində, demək olar ki, 7-8 saat riyaziyyatla məşğul olurdum. 2019-cu ilin sentyabr ayından Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində dərslərdə iştirak edirdim. Bunun nəticəsidir ki, bu il rəqiblərimin böyük əksəriyyətinin IX sinif şagirdləri olmasına baxmayaraq respublika fənn olimpiadasında (RFO) riyaziyyat üzrə bürünc medala layiq görüldüm. Məni daha çətin bir yarışma gözlədiyi üçün müəllimlərimlə birgə üzərimdə işləməyi dayandırmadım. Nəhayət, bu il Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) ölkəmizə bürünc medal qazandırmağa nail oldum. Mənim üçün ən uğurlu nailiyyətim bu olimpiadada qalib olmaq oldu. Ona görə ki, mən bu medalı həm öz, həm də ölkəmiz adına qazandım. Bu uğurum qürurvericidir. Bunu bir dəfə hiss etdikdən sonra davamı da olsun istəyirsən. Bundan sonra əsas hədəfim olimpiadalarda qızıl medal qazanmaqdır”.

“Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin əhəmiyyəti bu yarışın nəticəsidir”

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev məktəblilərin son uğurunu yüksək dəyərləndirib. Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadasındakı (JBMO2020) uğurunu bu olimpiada 10 illik iştirak tarixinin ən yaxşı nəticəsi hesab edib. Onun fikrincə, beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin əhəmiyyəti bu yarışın nəticəsində aşkar göründü: “Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin əhəmiyyəti bu yarışın nəticəsidir. Sabiq olimpiada qalibləri İsmət Ağayev, Anar Rzayev, Həsən Həsənzadə, Mirəli Əhmədli, Məhəmməd Şirinov, Cəfər Cəfərov və təbii, çox dəyərli Şəmsi müəllimin şagirdlərimizin yetişməsində danılmaz əməyinin nəticəsidir”.

Şöbə müdirinin fikrincə, beynəlxalq olimpiadanın nəticəsi həm də respublika fənn olimpiadaları ilə bağlı rəy formalaşdırır: “Pandemiya ilə əlaqədar seçmə turu keçirilmədi. Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək milli komandaya RFO aşağı yaş qrupu qalibləri seçildi. Şagirdlərimizin bu nailiyyəti ölkədə təşkil edilən respublika olimpiadasının səviyyəsini bir daha təsdiqlədi. Bu qələbə həm də qaliblərin yorulmadan çalışqanlığı və onların dəyərli valideynlərinin əvəzsiz mənəvi dəstəyinin nəticəsidir”.