Baş Hadisə İmişli Layihə Region Sosial

İmişlidə sabahdan “Yaşlıları birlikdə qoruyaq” adlı layihənin icrasına başlanacaq

İmişlidə könüllü komanda sabahdan “Yaşlıları birlikdə qoruyaq” adlı layihənin icrasına başlayacaq

Aranxeber xəbər verir ki, bu barədə layihə rəhbəri Ziya Rzayev məlumat verib.

O, bildirib ki, 21 mart tarixindən İmişli rayonunda koronavirus təhlükəsinə qarşı yaşlı insanları qorumaq üçün yeni layihənin icrasına başlayacaqlar:

“Hərçənd, rəsmi statistikaya baxsaq ölkəmizdə və eləcə də, İmişli şəhərində bu sahədə vəziyyət o qədər də ağır deyil. Buna baxmayaraq yaşlı insanların virusa yoluxma və zərərgörmə ehtimalı yüksək olduğundan evdə olmaları vacibdir. Odur ki, vətəndaş olaraq bu çətin vəziyyətdə biz də onların zəruri ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələn köməyi etməyə hazırıq.”

O, bu layihəni yaradılacaq “Qaynar xətt”in köməyi ilə həyata keçiriləcəyini qeyd edib:

O, bildirib ki, layihənin icrası sayəsində yaşlıların bazarlıq və digər məişət ehtiyacları üçün evlərindən çıxmalarına ehtiyac olmayacaq. Onların bazarlıqlarını, kommunal ödənişlərini, dərman ehtiyaclarını və.s lazım olacaq işlərini bizim könüllülər edəcəklər. Onlar sadəcə, “Qaynar xətt”ə zəng etməklə bizim köməyimizdən yararlana biləcəklər.

O, həmçinin bu layihənin tibbi maska və əlcəklə təmin olunmuş könüllü gənclərdən yaradılmış komandanın fəaliyyəti sayəsində icra olunacağnı bildirib:

“Bu layihənin təşəbbüskarı İmişli şəhər sakini Sahib Quliyevdir. Bizim məqsədimiz gənclərin gücündən istifadə etməklə köməyə daha çox ehtiyacı olan yaşlı insanlarımıza yardım etməkdir. Onlar bizim mənəvi dayağımız, yol göstərənlərimizdir. Biz onların virusa yoluxub sağlamlıqlarına təhlükə yaranmasını  istəmirik”.

Qeyd edək ki, Ziya Rzayev artıq neçə ildir ki, bir sıra layihələrin icrasını həyata keçirir. O, həmçinin İmişli rayonunda könüllü olaraq fəaliyyət göstərən Ziyalı Gənclər Maarifçi Klubunun (ZGMK) rəhbəridir.