Təhsil

“Abituriyentlər sönmüş durumdadırlar” – Ucqar kənd müəllimi

“Koronavirusla əlaqədar yaranmış mövcud vəziyyətdə müəllim olaraq qarşılaşdığımız ən böyük problemlərdən biri şagirdləri – abituriyentləri məsafədən təhsilə cəlb etməkdir. Təhsil valideyn, şagird və müəllim üçbucağından ibarətdir. Bunlardan hansısa işini məsuliyyət və vicdanla yerinə yetirməsə, mütləqdir ki, çatışmazlıq yaranacaq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Tovuz rayonu Göyəbaxan kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Orxan Əhmədov söyləyib.

Onun sözlərinə görə, onlayn təhsil texnoloji biliyi az olan bəzi müəllimlərə kifayət qədər çətinliklər yaradıb. Bu səbəbdən belə halları nəzərə alaraq, müəllimlərə distant təhsil ilə bağlı təlimlər keçmək lazımdır:

“İlk növbədə özümüzdən – müəllimlərdən başlamaq istəyirəm. Yəni pandemiya dövründə müəllimlər necə işləyirlər, onların işlərinə necə dəyər verirlər? Bu cür qeyri-müəyyən zamanlarda təhsilverənlər daha çox təlaş keçirir: həm əlavə təzyiqlərə məruz qalmaq, həm də təhsilalanların bilik və bacarıqlarını tənzimləmək. Bütün müəllimlərin İKT bacarıqlarının və məsafədən təhsil bilgilərinin eyni olmamasının şahidi olduq. Düşünürəm ki, müəllimlər üçün distant təhsilin incəliklərindən bəhs edən təlimlərin həyata keçirilməsi zəruridir”.

Kənd müəllimi qeyd edib ki, son dövrlərdə pandemiyaya görə ard-arda edilən dəyişikliklər abituriyentlərin imtahanlara hazırlaşmasına ciddi təsir göstərib:

“Hazırda abituriyentlər sönmüş durumdadırlar. Buna səbəb kimi imtahan vaxtlarının tez-tez dəyişməsi, koronavirusa yoluxma qorxusu, son üç ayda məktəblərdə dərslərin dayandırılması, fərdi hazırlıqların ləğv edilməsi, valideyn basqısı və s. nümunə göstərmək olar. Bəzi onlayn hazırladığım abituriyentlərim var ki, məndən motivasiya edəcək nələrsə istəyirlər. Bu yöndə dərsdənkənar onlarla motivasiyaedici söhbətlər aparıram, onları daha da ruhlandıran filmlər və kitablar tövsiyə edirəm. Bəzən də həmin filmləri onlayn – birgə izləyirik. Nəticəsi isə müsbət olur. Demək olar ki, hər iki həftədən bir şagirdlərimi “yenidən başlatmağa” məcbur oluram. Abituriyentlərimin dərs barədə sıxıntılarının olmadığını düşünürəm”.

“Tələbə adını qazanmaq istəyən abituriyent müəllim olmadan da hazırlaşa bilər. Biz sadəcə fasilitator mövqeyindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə dünyaya meydan oxuyan bu bəla bizdən uzaqlaşar və şagirdlərimiz əvvəlki kimi parta arxasında oturarlar, imtahanlarına rahat və qorxusuz hazırlaşarlar”, – deyə Orxan müəllim sözlərinə əlavə edib.