Sağlamlıq

Azərbaycana yeni ambulans-perinatallar gətirilib – VİDEO

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və iki ədəd Ambulans-Perinatal gətirilib.

Ambulans-Perinatal tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirəcək. Bu avtomobillər yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıqlar və küvez aparatları ilə təchiz ediliblər.

Təcili tibbi yardım avtomobillərinin salonlarının təchizat səviyyəsi, xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özəlliklərə malikdirlər. Belə ki, ambulanslar kardiomonitor, üç növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi və s. xüsusiyyətlərlə təchiz ediliblər.

Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənirlər. Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin daha az yanacaq sərf edirlər. “Fiat” markasının “Doblo” modelli təcili tibbi yardım avtomobilləri Türkiyədə istehsal olunub. Təcili tibbi yardım avtomaşınlarının 15-i Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, 10 ədəd Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına və yeddi ədəd Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib. Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və iki ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.