Hadisə

Azərbaycanda dəhşətli qətl: Qayınata kürəkənini öldürüb meşədə basdırdı

İyulun 19-da paytaxtın Xətai rayon sakini 1981-ci il təvəllüdlü Əkbər Nuriyevin itkin düşməsi barədə ailə üzvlərinin müraciəti Xətai rayon polis idarəsinə daxil olub.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında aparılan araşdırma zamanı, prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Əkbər Nuriyevin Lerik rayonu ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla 1960-cı il təvəllüdlü Akif Rzayevin kürəkəni Əkbər Nuriyevi iyulun 19-da Lerik rayonuna aparmasına, orada ailə daxilində baş verən narazılıqlar səbəbindən aralarında yaranmış mübahisə zamanı küt alətlə baş nahiyəsinə zərbələr endirməklə qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yandıraraq basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə yanmış vəziyyətdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Akif Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.