Maraqlı

Azərbaycanda ilk “PUBG Mobile” liqasına start verilir: məhşur azərbaycanlı youtuberdə oynayacaq – FOTO

Ölkəmizin tarixində ən çox yüklənilən və oynanılan oyun – “PUBG Mobile” üzrə yeni liqaya məhz Azərbaycanın Silahlı Qüvvələr Günü – 26 iyun tarixində start verildi.

Ümumilikdə 16 komanda 12 turdan ibarət marafonda mükafatlar uğrunda mübarizə aparacaq. “Gaming League Azerbaijan”ın təşkil etdiyi liqada iştirak hüququ əldə etmək üçün 200-ə yaxın komanda qeydiyyatdan keçib.

Seçmə mərhələdən qalib ayrılan kollektivlər arasında videobloqer Əlixan Rəcəbovun komandası da yer alır və onlar baş mükafatı qazanmaq üçün döyüşəcəklər. Turnirin ümumi mükafat fondu 5 000 manat nəzərdə tutulub.

“PUBG Mobile”ın xüsusiyyətləri:

Oyun liderlik xüsusiyyətlərini, komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” həm də hərbi işin əsaslarını öyrətməklə yanaşı, istifadəçilərə resursların düzgün idarə edilməsini öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da oyunçunu vaxtını səmərəli şəkildə xərcləməyə vadar edir.

Liqanın qaydaları:

Dörd nəfərlik komandalarla oynanılacaq liqada iştirakçılar müxtəlif xəritələrdə və fərqli şərtlərlə sağ qalmağa çalışacaqlar. İlk sıralarda yer alacaq kollektivlərə verilən xallardan əlavə “kill”, yəni öldürdüyü rəqib sayına görə də xallar hesablanacaq.

Liqanın əsas məqsədi ölkədə bu oyunu ən güclü bacaran komandaları və oyunçuları tapmaq, onları dünya arenasına çıxarmaq, eləcə də karantin günlərində evdə oturan gənclərin vaxtlarını daha səmərəli keçirmələrinə yardım etməkdir.

Tarix: 26.06.2020

Başlama saatı: 20:00

İzləmək üçün: “Gaming League Azerbaijan” YouTube kanalı

Ətraflı məlumat: @glahub İnstagram səhifəsi

Təşkilatçılar: “Gaming League Azerbaijan”, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.