Göyçay Region

Azərbaycanda karantin qaydalarını pozan yüksək vəzifəli şəxsə töhmət verildi

Göyçay Rayon Təhsil Şöbəsinin müdiri şiddətli töhmət alıb. 

Aranxeber xəbər verir ki, iyunun 10-u, saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb.

Təhsil nazirinin 1 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbini aşkar şəkildə pozaraq, təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil edilib.

Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən nəticə çıxarmadığını nəzərə alaraq, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Siracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.