Dünya Hadisə

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Livanın Beyrut limanında yükü partlayan “Rhosus” gəmisinin kapitanı “Moskva 24” telekanalına müsahibə verib.

Boris Prokoşevin sözlərinə görə, gəmi üç tona yaxın konsentrat ammonium-nitratı Batumidən Mozambikə aparırmış.

“Mən elə bildim ki, bu gübrədir. Fikirləşdim ki, məqsəd sahəni gübrələməkdir. Sənəddə belə yazılmışdı”, – kapitan deyib.

O qeyd edib ki, gəmidə hər yer bağlı imiş, açarlar isə limanın Miqrasiya Xidmətində olub. Gəminin vəziyyətinə baxmaq üçün bir neçə adam gəlib:

“Onların orada nə etdiklərindən xəbərim olmayıb. Sonradan bildim ki, onu yükləyiblər, ammonium-nitratı anbara Nəqliyyat Nazirliyinin icazəsi ilə gətiriblər”.

2014-cü ildə “Rhosus” gəmisi əməliyyat qaydalarını kobud şəkildə pozduğuna görə Beyrut limanında saxlanılıb. Gəmi sahibi bu layihəyə marağını itirib, nəticədə, heyətə maaş verilməyib və yük altı il ərzində Livan paytaxtında sahibsiz qalıb.

Çərşənbə axşamı Beyrut limanında güclü partlayışın səbəbinin 2 750 ton ammonium-nitratının düzgün saxlanılmaması olduğu bildirilir.

Nəticədə, şəhər binalarının yarısı zərər görüb, çox sayda qurban olduğuna görə xəstəxanalar həddən artıq dolub. Ən son məlumatlara görə, yüzdən çox insan ölüb və dörd minə yaxın insan yaralanıb, bir çoxları itkin düşüb.

Livan hökuməti faciə qurbanlarının xatirəsinə üç günlük matəm elan edib.