Baş Region Təhsil

Bu gün növbəti buraxılış imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir. 

Aranxeber xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlyıb. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatıb və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Qeyd edək ki, imtahanlar 2019/2020-ci tədris ili üçün aşağıdakı kateqoriyalar üzrə keçirilir:

1. Tam orta təhsil səviyyəsi üzrə (11 illik) – Bakı şəhərinin Qaradağ rayonu, Lənkəran şəhəri, Ağdam, Beyləqan, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz rayonları.

2. Ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) – Sumqayıt şəhəri, Ağdaş, Göyçay, Qobustan, Qax, Xaçmaz, Zaqatala rayonları.

3. Əvvəlki illərin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə – Bakı şəhərinin Xətai rayonu.

Bu gün keçirilən imtahanlarda 24312 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi – müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.