Təhsil

Daha bir kateqoriyadan olan şəxslər təhsil haqqından azad oluna bilər

Azərbaycanda daha bir kateqoriyadan olan şəxslərin təhsil haqqından azad edilməsi gözlənilir.

Bununla bağlı “Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsinə dəyişiklik təklif olunur.

Qanun layihəsində həmin maddəyə ikinci cümlənin əlavəsi təklif olunur.

Layihədə yazılıb ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanılacaq.

Bu qrupa aid olan uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsi az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək.

Hazırki qanunvericiliyə əsasən, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət vəsaiti hesabına ödənilir.

Qanun layihəsində yazılıb ki, həmin uşaqların övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə etməsi dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaq.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.