Hadisə

Ehtiyatda olan polkovnik: “Qaraqayadan o tərəfə erməniləri 2 km də qovaladım, öz fermalarına da gələ bilmirdilər” – FOTOLAR

“O vaxt 1992-də mən Ağdam kəndində bölük komandiri idim. Əlibəylinin yanından Koxa-Nəbi də içində olmaqla 19 km-lik mövqedə 50 nəfərlə mənim bölüyüm dururdu. Bir neçə dəfə Ağdam kəndinə hücum etmişdilər, qarşısını almışdım. Şəhid və yaralılarım olmuşdu”.

Bunu Ordu.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Səməndər Məmmədov deyib.

O, müharibə zamanı düşmən tərəfindən Qaraqayanın ələ keçirilməsini, daha sonra isə strateji yüksəkliyin azad ediməsini belə xatırlayıb:

“Qaraqaya onlarda olsa, Ağdam kəndi də getdi, sonra Tovuz da, elə bir hakim yüksəklikdir. Bizimkilərin yaşadığı vaqonu yandırdılar, bizim o yüksəklikdəki qüvvəmiz pərən-pərən düşdü. Əlavə qüvvə də yox idi. Bir BMP var idi, işə düşmürdü, topu xarab idi. Maşına qoşub dartaraq onu işə saldım, özüm oturdum sürücü kimi, qardaşım Kamandar da başımın üstündə, arxamda məni qorumaq üçün oturdu, hospitaldan təzə gəlmiş bir yarı xəstə əsgərim var idi, Mahir, onu da pulemyota otuzdurdum. Pulemyotdan ata-ata, BMP-ni əyri dağ yolları ilə düz sürdüm Qaraqayanın başına. Ermənilər BMP-nin və pulemyotun səsindən qorxuya düşüb qaçışdılar. Beləcə tək Qaraqayanı ermənidən geri qaytardım. Bu mənzərəni də ovaxtkı hərbi hissə komandiri Murad Əliyev, bir də icra başçısının müavini seyr edirdilər. Qaraqayadan o tərəfə onları 2 km də qovaladım, öz fermalarına da gələ bilmirdilər”.