Baş Layihə Ölkə Sosial Təhsil

Ekspert: “Bu proqram kurikulumdan daha səmərəli olar”

2020-ci ildə 12400 nəfər uşaq icma əsaslı məktəbə cəlb olunacaq.

Cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

aranxeber.com Toplum.tv-yə istinadən xəbər verir ki, Təhsil  Nazirliyindən verilən məlumata görə, növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur. 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.

Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla ümumlikdə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.  Bu qrupların hər birində orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla ümumilikdə 6212 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlu mövzuyla bağlı ToplumTV-yə danışıb.

Onun sözlərinə görə layihənin beynalxaq təşkilatlar tərəfindən maliyyələşməsi və dəstəklənməsi müsbət addımdır.

Ekspert hesab edir ki, elə uşaqlar var ən elementar suallara cavab verə bilmirlər: “Təcrübə göstərir ki, bəzən uşaqlar özləri və valideynləri haqqında da normal danışa bilmirlər. Buna səbəb valideynlə uşağın kifayət qədər ünsiyyətdə ola bilməməsidir. Yəni uşağın yaradıcı fəaliyyəti, fəallığı məktəblə yekunlaşmamalıdır”.

“Fikrimcə, valideynin məktəblə icma yaratması təhsil sistemindəki çatışmazlıqları aradan qaldıracaq, eyni zamanda şagirdləri kiçik yaşdan aktiv ünsiyyətə, təşkilatçılığa hazırlayacaq. Hər halda ümid etmək olar ki, bu proqram kurikulumdan daha səmərəli və yararlı olar”, – deyə ekspert bildirib.

2020-2021-ci tədris ilindən daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulur.

Təhsil Nazirliyindən bildirilən məlumata görə  icma əsaslı təhsillə təhsilin digər pillələri arasındakı fərq burada valideynlərin tam fəal şəkildə iştirak etməsidir.

Məşğələ zamanı 2 və ya 3 valideyn siniflərdə olub, dərsin gedişatına kömək edirlər. Bu zaman onlar prosesin iştirakçısı olmaqla yanaşı, gördüklərini evdə də tətbiq edə bilirlər.