İmişli Ölkə Region Sosial

“İcra başçısına yaxın olan sahibkarlara su verilir”

“Əkin suyunun ədalətli bölüşdürülməsi məsələsi də aktualdır”.

Aranxeber xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib.

İlham Əliyev, “Suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Bu sahədə də böyük pozuntular var, yerlərdən mənə şikayətlər gəlir” deyərək sözlərinə belə davam edib:

“Keçən il də quraqlıq olub, bu il də quraqlıqdır və biz sudan böyük qənaətlə istifadə etməliyik. Bütün bu işləri düzgün təhlil etmək və tədbirlər planı hazırlamaq üçün mənim Sərəncamımla xüsusi komissiya yaradılıb və artıq komissiyanın ilkin araşdırmaları mənə təqdim edilib. Biz bunu demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50 faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə israfçılıq böyük problemlərə gətirib çıxarır. Ona görə siz bu sahədə bütün vəziyyəti təhlil edin. Əlbəttə, mərkəzi icra orqanları bu məsələ ilə məşğuldurlar və komissiyanın tərkibində nazirlər təmsil olunur. Amma yerlərdə siz bu işlərə ciddi fikir verin, təftiş aparın və məlumat verin. Çünki biz əgər ancaq bu itkiləri azaltsaq, kənd təsərrüfatında daha böyük irəliləyişə nail ola bilərik. Eyni zamanda, suyun ədalətli bölüşdürülməsi məsələsi də çox aktualdır. Çünki mənə verilən məlumatlara görə, bəzi hallarda icra başçılarına yaxın olan sahibkarlara su verilir, ancaq kənar adamlara su verilmir. Bu, ədalətsizlikdir və buna son qoyulmalıdır”.