İmişli Region

İmişlidə kartof sahələrindən məhsul yığımı başa çatmaq üzrədir

İmişlidə kartof yığımı yekunlaşmaq üzrədir. Məhsul istehsalçıları bu günədək 100 hektar kartof sahəsinin məhsulunu toplayıblar ki, bu da ümumi kartof sahəsinin 87,7 faizini təşkil edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imişlilı əkinçilər erkən yazda 114 hektar sahədə kartof əkiblər. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 114 hektar sahədən 1432 ton kartof toplayıblar. Məhsulu yığılmış hər hektar sahədən 120,6 sentner kartof əldə olunub.

Tədarük olunan kartofun demək olar ki, 60-65 faizi rayonun Çahar, Yuxarı Qaralar, Ölcələr, Soltanmuradlı kəndində fəaliyyət göstərən torpaq sahibkarları tərəfindən toplanılıb. Rayonda məhsul yığımı yaxın günlərdə başa çatacaq.

Çahar kənd sakini Atamoğlan Nuriyev bu il 0,5 hektar sahədə kartof becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim kartof sahəsinin hər hektarından 120 sentner məhsul götürməklə 12 ton kartof toplamışam. Məhsuldan hər il yaxşı mənfəət götürdüyümdən növbəti ilə əkin sahəsini genişləndirərək 1 hektara çatdırmaq fikrindəyəm”, – deyə əkinçi bildirib.