Baş İqtisadiyyat Maraqlı Sosial

İqtisadi inkişaf uzunömürlülüyə necə təsiri edir?

Dünyada insanların yaş və sağlamlıq məsələlərini araşdıran OECD humanitar təşkilatı ən uzunömürlü eyni zamanda ən qısaömürlü sakinlərə malik ölkələrin son siyahısını açıqlayıb. Qeyd edək ki, OECD rəsmi statistik rəqəmlərə yaşı 90-100-ü ötmüş insanların göstəriciləri ilə yanaşı, həmin ölkənin insanların sağlamlığına ayırdığı məbləği, göstərdiyi tibbi-humanitar yardımları da nəzərə alır. Təşkilat uzunömürlülüyün əsas səbəbi kimi məhz sağlam həyat tərzi və sağlamlığa edilən diqqəti önə çəkir.

Aranxeber uzunömürlü və qısaömürlü  sakinləri olan ölkələrin bəzilərini təqdim edir.

Adambaşına düşən illik gəliri az olan ölkələrdə orta ömür yaşı daha aşağıdır.

Qısaömürlü sakinlərə malik ölkələr arasında İndoneziya, Hindistan, Afrikanın bəzi dövlətlərinin (Somali, Mali, Niger, Çad, Konqo) adları var amma ən pis vəziyyət isə Afrikanın Lesoto krallığındadır. Belə ki, burada insanların orta yaş həddi  47-ni keçə bilmir.

Humanitar təşkilatla bərabər, Dünya Bankının da ötən ilin sonunda hazırladığı sıralamada bu ölkələr arasında müsbət istiqamətdə irəliləyiş olmayıb. OECD qısaömürlülüyü insanların aldığı cüzi əmək haqqı, əmək haqqının sağlamlığa sərf olunmaması, ağır şərtlərlə yaşayış tərzi, fiziki əməyin istismar edilməsi ilə əlaqələndirir.

Varlı ölkələrin insanları daha uzun yaşayır.

Bəzi ölkələrdə adambaşına düşən illik gəlir və illik gəlirə görə ödənilən vergi miqdarı:

Uzunömürlü insanların çoxluq təşkil etdiyi ölkələrdə isə vəziyyət tamam başqadır. Bu ölkələrdə sosial-humanitar yardımlar, sığorta kartları, xüsusi xidmət göstəricilərinə malik olan xəstəxanalar, sağlam təbiət, sağlam məişət şəraiti, sağlam qidalar üstünlük təşkil edir. Bu ölklərin sırasında aşağıdakıların adını çəkə bilərik:

Sıralanmada ən uzunömürlü sakinlərə malik ölkələrdən birincisi Honk-Konqdur. Bunun yalnız bir səbəbi var, o da canlı təbiətlə çox təmasda olmaq. Burada anadan olan qız uşağı ən tez 86 yaşında dünyasını dəyişir. Kişilərdə isə bu rəqəm 80-81-dir.

2-ci sırada dünyanın içində ayrıca bir dünya hesab edilən, toxunulmaz  ölkə-İsveçrə gəlir. Yəqin ki, bu ölkədə insanların nə səbəbə çox yaşadığını göstərməyə o qədər də ehtiyac yoxdur. Burada orta yaş həddi 82-83-dür. Adambaşına düşən tibbi xərclərin miqdarı isə 5643 dollardır.

Növbəti ölkə məsafə baxımından İsveçrədən xeyli uzaqda olan, amma düşüncə, kültür və iqtisadi inkişafa görə ona “qonşuluq edən” Yaponiyadır. “Gündoğar” ölkədə də orta yaş həddi 82-84 arasında dəyişir. Amma adambaşına düşən tibbi xərclər İsveçrədən azdır. Burada hər bir adam orta hesabla öz sağlamlığına ildə 3213 dollar xərcləyir.

Siyahının növbəti ölkəsi isə İtaliyadır. Təbiət və sağlam həyat tərzinə önəm verən italyanlarda orta yaş həddi 82-dir. Hər bir italyan il ərzində sağlamlığı üçün 3012 dollar pul xərcləyir.

Qocalarla zəngin daha bir ölkə isə İslandiyadır. Heç kəslə işi olmayan bu ada dövlətində də insanların orta yaş həddi 80-82-dir. Adambaşına düşən tibbi xərcin məbləği 3305 dollardır.
İslandiyanın yalnız 14 faizi siqaret çəkir.
Uzunömürlülüyə görə növbəti pillənin sahibi olan İspaniyada insanların orta ömür yaşı 80-82-dir. Hesablamalara görə 2050-ci ildə ölkə əhalisinin 30 faizi 80 yaşdan yuxarı adamlar olacaq.
Avropanın ən çox yaşıyan qadınları Fransadadır. Fransız xanımlarda orta yaşam göstəricisi 86 yaşdır. Bunun əsas səbəbi də odur ki, Fransada hər adam ildə 4000 dollara yaxın pulu öz sağlamlığına xərcləyir. Burada yüz min adamdan yalnız qırxı ağır xəstəliklərdən sonra dünyasını dəyişir.
Yaşıl qitə adlanan Avstraliyada da insanlar çox yaşayır. İnsanların orta ömür yaşı 82-dir. Əhalinin 15 faizi siqaretdən istifadə edir. Amma hər  adam öz sağlamlığı üçün il ərzində 3800 dollar pul xərcləyir.
Avropanın daha bir kurort mərkəzi olan ölkələrindən biri-İsveçdə orta yaş həddi 81-dir. Burada da siqaret və spirtdən o qədər də çox istifadə olunmur. Olunsa belə, adambaşına düşən illk tibbi xərcin qiyməti 2239 dollar olduğundan onlar çulunu sudan çıxara bilirlər. OECD-in araşdırmalarna görə İsveç həm də xərçəngin az yayılmış olduğu ölkələrindən biridir.

Yəhudilərin cəm halında məskunlaşdığı İsraildə də insanlar uzun müddət yaşamağı bacarır. İldə 2240 dolları hər bir yəhudi öz canına sərf edir və sağlamlaşır. Amma son illərin göstəricilərinə əsasən, İsraildə gənclər arasında tütün və alkoqola maraq artır.

Bəzi ölkələrdə orta ömür müddəti, adambaşına düşən illik gəlir və illik tibbi xərclərin miqdarı arasındakı uyğunluq cədvəli:

Ölkələrin adı Orta ömür (yaş) Tibb xərclərin miqdarı (dolar) Adambaşına düşən İllik gəlir(dollar)
Honk-konq 87 4200 38127
Fransa 86 4000 35476
İtalya 85 3012 32956
İsveçrə 83 5643 33491
Avstraliya 82 3800 31588
Yaponiya 82 3213 38731
İslandiya 81 3305 42500
İsveç 81 2239 29185
İsrail 80 2240 26796
ABŞ 78 4000 40000

Qeyd edək ki, Azərbaycanda orta ömür kişilərdə 68.4, qadınlarda isə 74.7-ildir. Adambaşına düşən illik gəlir isə 8676 manat və ya 5103 ABŞ dolları, vergi miqdarı isə ümumi gəlirin 14% -i və ya 714.42 ABŞ dollarıdır.

İstifadə olunmuş mənbələr: (modern.az, publika.az, banker.az, Wikipedia)