İnkişaf Ölkə Sağlamlıq Sosial Təhsil

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha-TƏKLİF

“Əslində karantin rejiminin uzadılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bildirməlidir. Sadəcə olaraq bir həkim kimi mayın əvvəlinə qədər karantin rejiminin uzadılmasını düşünürəm. Çünki karantin rejimi hərbi vəziyyətə bərabər vəziyyətdir. Bu bir mərkəzdən idarə olunmalıdır”.
Aranxeber xəbər verir ki, bu, fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronavirus dövründə karantin rejimi barədə danışarkən deyib.
Komitə sədrinə görə, Operativ Qərargahın verdiyi qərarlar hamı üçün qəbul olunmalı və idarə edilməlidir:
“Burada kiminsə fikri cəmiyyəti çaşdıra bilər. Gedişi izləyərək subyektiv fikrimi söyləmişəm ki, karantin müddətində koronavirusa yoluxma tendensiyası azalarsa və sağalanlar çoxalarsa, aprelin 20-dən sonra karantin rejimini yumşaldıb ayın sonunda karantin rejiminin aradan götürülməsinə baxa bilərik. Ancaq virusun bir xasiyyəti var ki, burada proses dalğalı gedir. Bir istiqamətdə gedib qurtarmadığına görə sonradan partlayışlar ola bilər. Hesab edirəm ki, daha ehtiyatlı yanaşmaq lazımdır. Operativ Qərargahın və TƏBİB-in əlində hansı regionlarda yoluxmanın vəziyyəti, karantində olanların sayı, neçə faizində sağalma meyli kimi daha geniş məlumatlar var. Hesab edirəm ki, normal həyat tempinə qayıtsaq, həm iqtisadiyyatımızı daha tez kritik vəziyyətdən çıxara bilər, həm də insanlarımızın sosial-psixoloji durumunu normaya qaytara bilərik. Bütün bu məsələlər insanlarımızın karantin rejiminə ciddi əməl etməsindən asılıdır”.(Modern.az)