Dünya Maraqlı

Kimlər daha çox boşanır?

İnkişaf etmiş ölkələrin çoxunda sosial institut kimi ailə anlayışı öz əhəmiyyətini itirmək üzrədir. Son zamanlar ər-arvad münasibətləri öz böhran dövrünü keçirir. Belə bir vəziyyətin yaranmasına bir sıra amillər səbəb olur: iqtisadi, dini, əxlaqi dəyərlər. Lakin bütün bu səbəblər hamısı eyni nəticəyə gəlib çıxır. Boşanmaların sayı sürətlə artır.

Aranxeber  boşanmaların ən çox baş verdiyi 10 ölkəni təqdim edir.

Belçika. Belçikada boşanma 71 faizdir. Ölkədə insanlar maliyyə cəhətdən azad olduğu üçün bir-birinə ehtiyac duymur. Belçikada artıq boşanma dramatik və pis hadisə hesab olunmur.

Maldiv. Əhali sayına görə dünyada 175-ci yerdə qərarlaşan Maldivdə boşanmaların sayı Rusiya və Belarusu da ötüb. Maraqlıdır ki, ada ölkəsində boşanma nisbəti 70 faizə yaxındır.

Portuqaliya. Portuqaliyada boşanma hallarının artması doğum sayının aşağı düşməsi ilə bağlıdır. İndiki gündə Portuqaliya üçün boşanma nisbəti 68 faizdir. Hər gün ölkədə 70 ailə dağılır.

Belarus. Slavyan ölkəsində boşanma nisbəti 68 faizdir. Dünyada  abortların sayı da ən çox buradadır. Boşanma halını bir çoxları Allaha olan inamın azalmasında və dini ənənəvi dəyərlərin itməsində görür. Həqiqətən də, ölkənin 40 faizi özünü ateist hesab edir.

Macarıstan. Statistikaya görə, ölkədə bağlanan izdivacların 67 faizi boşanma ilə bitir. Ölkədə hər on nəfər kişidən biri boşanmış hesab olunur. Maraqlısı odur ki, macarlar hər boş və mənasız şeyin üstündə boşanır.

Çexiya. Hazırda Çexiyada  boşanma nisbəti 66 faizə çatır. İş ondadır ki, İkinci Dünya müharibəsindən sonra çexiyalı qadınlar kütləvi surətdə evdar qadın olmaq statusundan imtina edərək işləməyə başlayıb. Qadınlar nə qədər ərindən az asılı olsa, bir o qədər də boşanma halları artır.

ABŞ. ABŞ-da boşanma nisbəti 53 faizdir və ildən-ilə bu rəqəm daha da artır. Lakin burada maraqlı bir tərəf ondadır ki, nə zamansa evli olan insanlar daha tez-tez boşanır. Burada isə belə bir nəticə çıxır: birinci nikahdan 41 faiz, ikinci nikahdan 60 faiz, üçüncü nikahdan isə 73 faiz insan boşanır. Görünür ki, insanlar öz səhvlərindən nümunə götürmür.

Rusiya. Rusiyada boşanma nisbəti 51 faizdir. Boşanmaya daha çox yaşayış yerinin olmaması, maliyyə çətinlikləri və alkoqolizm səbəb olur. Yaşayış yerinin pis olması ən möhkəm ailəni belə dağıdır. Çünki evdə otaqların azlığı ailənin bir yerə toplaşmasına mane törədir.

İsveç. Burada keçən il 25,100 insan nikahına son qoyub. Ölkədə bağlanan izdivacların 47 faizi boşanma ilə bitir. Tədqiqatçıların apardığı araşdırmaya görə, boşanmaya daha çox qadınlar səbəb olur. Yaxşı inkişaf etmiş ölkədə qadınlar ərinin köməyi olmadan özünü maddi cəhətdən təmin etdiyi üçün daha sərbəst olurlar.

Ukrayna. Ukraynada bağlanan izdivacların 42 faizi boşanma ilə bitir. Statistikaya görə, Avropa ölkələri ilə müqayisədə Ukraynada nikahlar çox bağlanır. Eyni zamanda, boşanmaların da sayı çoxalıb. Ailə daha çox tərəflərdən birinin içki düşkünü olması ilə əlaqədar olaraq dağılır. Bundan əlavə, maddi çətinlik və həyat səviyyəsinin ağır olması da buraya daxildir.

Uşaqların sayı da ailəni qoruyub saxlaya bilmir. Ona görə də ölkədə tənha valideynlərin sayı 20 faizdir.

Qeyd edək ki, Azərbaycanda da bu sahədə vəsiyyət o qədər də ürəkaçan deyil. Hər il ölkədə boşanma faizi daha da artır. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən 2018-ci ildə ölkədə boşanma faizi 21 idisə, 2019-cu ildə boşananlar evlənənlərin 26 % -ni təşkil etdi.

İstinad mənbələri: (publika.az, stat.gov.az)