Hadisə Ölkə

Leyla Abdullayeva “Haber Global”a Ceyhun Bayramovun Vaşinqton səfərindən danışdı

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sozçüsü Leyla Abdullayeva Türkiyənin “Haber Global” televiziyasının canlı efirində Ceyhun Bayramovun Vaşinqton səfərindən danışıb.

O bildirib ki, Azərbaycan XİN başçısı səfər çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. Bundan əlavə o, C.Bayramovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə də görüşdüyünü bildirib:

“Azərbaycan XİN başçısı ABŞ prezidentinin köməkçisi, Təhlükəsizlik şurasının sədri Robert Obraynla və digər rəsmilərlə də görüşlər keçirib”.

L.Abdullayevanın sözlərinə görə, C.Bayramov M.Pompeo ilə görüşdə münaqişə ilə bağlı son vəziyyəti, xüsusilə, Ermənistanın humanitar atəşkəsə çağırış etməsinə baxmayaraq, buna əməl etməməsini, mülki əhalini hədəf almasını, Ermənistanın terrorçu ekstremist qüvvələrdən, həmçinin, muzdlulardan Azərbaycana qarşı istifadə etməsini onun diqqətinə çatdırıb.

C.Bayramov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin yalnız hərbi yolla həll edilməsinin mümkünlüyünü bildirərək, məsələnin danışıqlar yolu ilə həllindən imtina etdiyini göstərir və Ermənistanın əsas məqsədi münaqişənin həlli deyil, Azərbaycan torpaqlarını işğal etməkdir.