İmişli Region

Məhərrəm ayının başlanması ilə əlaqədar İmişli rayonunda videokonfrans keçirilib.

18 avqust tarixində İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hüquq-mühafizə orqanları əməkdaşlarının, Qafqaz Müsəlmanları İdarəsinin İmişli rayonu üzrə nümayəndəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdirinin və digər aidiyyəti qurumların iştirakı ilə videokonkrans keçirilmişdir. Videokonfrans Məhərrəm ayının başlanması ilə bağlı görüləcək tədbirlərə həsr olunmuşdur. Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb, habelə qarşıdan gələn Məhərrəm ayında, yas məclislərində Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi riayət olunmasını bildirib. Qeyd olunub ki, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma, ölkə üzrə xüsusi karantin rejimində bəzi yumşalma halları bizi arxayınlaşdırmamalıdır.

Videokonfransda rayon prokurorunun müavini Tural Musayev, rayon Polis şöbəsinin rəis müavini Habil Ağayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşı Turan Cümşüdlü, Qafqaz Müsəlmanları İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Adıgözəl Bəşirov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxış ediblər. Diqqətə çatdırılıb ki, rayon İcra Hakimiyyəti və polis şöbəsinin əməkdaşları koronovirus pandemiyasına qarşı mübarizə məqsədilə yaradılmış mobil qruplar tərəfindən rayonun bütün ərazilərində Məhərrəm ayında “Aşura” mərasimləri ilə bağlı reydlər keçiriləcək, qaydaları pozaraq dini mərasim təşkil edən və bu mərasimlərdə kütləvi şəkildə toplaşanlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.