Hadisə Region

Masallıda itkin düşən 3 qız tapıldı

Masallıda itkin düşdüyü hesab edilən üç qız tapılıb.

Aranxeber xəbər verir ki, Şərəfə kənd sakinlərinin cenub.az-a verdikləri məlumata görə,  10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan şərəfəlilərin öladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşir. Qızlar trasa çıxıb Bakı istiqamətinə gedən bir KamAZ maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində 3 qızın itkin düşməsi haqqında məlumat daxil olub. Məlumatda qeyd olunub ki,  2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızını, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızını və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı naməlum şəkildə itkin düşüblər.