Sosial

Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.

Aranxeber  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

S.Babayev deyib ki, ödəmələrə araşdırmalar aparıldıqdan sonra yaxın günlərdə başlanılacaq.

“Ola bilər ki, ötən müddətdə hansısa vətəndaş işlə təmin olunub və işsizlik meyarlarına uyğun gəlməyib”.

O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək.