Sosial Təhsil

Oğlunu tərbiyə metodu atanı məşhurlaşdırdı – FOTO

Sosial şəbəkə istifadəçisi Devid Vuland oğlunu tərbiyə metodu barədə paylaşım edərkən, yəqin ki, bu qədər məşhurlaşacağını düşünməmişdi. O, övladında oxuma həvəsini necə yaratması haqqında yazıb.

“Esquire”ın məlumatına görə, atanın bu üsulu sadə olsa da, sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olub.

D.Vulandın sözlərinə görə, hər oxunan kitaba görə o, oğluna bir dollar verir:

“Söhbət minimum 160 səhifəlik kitabdan gedir. Bu il mən artıq 120 dollar xərcləmişəm, o, məni qarət etdiyini düşünür. Bu, tarixdə qoyulan ən gözəl sərmayədir”.

O, daha bir maraqlı üsulu oğlunun yatması ilə əlaqədar tətbiq edib. Belə ki, hər gün eyni vaxtda yatağına girən oğluna ancaq kitab oxuyacağı təqdirdə gec yatmağa icazə verilir.

Kitabı tam oxuyub-oxumadığını anlamağa gəlincə isə, atanın sözlərinə görə, oğlu əsərin mətnini təfərrüatı ilə danışır.

Sosial şəbəkə istifadəçilərinin bir hissəsi kişinin bu metodunu bəyənməyərək, oğlunun gələcəkdə ancaq pul müqabilində nə isə bir iş görəcəyini deyib. Ancaq atanı dəstəkləyənlər də tapılıb.

Devid Vuland tvitinin sosial şəbəkədə bu qədər məşhurlaşmasına və müzakirələrə səbəb olmasına müsbət reaksiya verib.

“O, gözəl övladdır, dərsdə və idmanda nailiyyətləri var. Daha vacibi isə o, qayğıkeş böyük qardaş, dost və oğuldur. Onun atası olduğu üçün fəxr edirəm.

Övladıma görə narahat olmayın. Onunla hər şey qaydasında olacaq. Mən, sadəcə, şadam ki, “internetdə şöhrət dəqiqələrim” oğluma yaxşı ata olmaq istəyimə görə baş verib”, – deyə D.Vuland bildirib.