Bərdə Hadisə Kriminal Region

Prokurorluq Bərdədə baş verən silahlı insidentlə bağlı məlumat yayıb

İyulun 12-də saat 06 radələrində Bərdə rayonu, Otuzikilər kənd sakini, 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə atəş açılaraq xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Aranxeber xəbər verir ki, Bərdə rayon Prokurorluğundan mətbuata verilən məlumatına görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir/apa.az.