Sosial

Qamarcoba! Batumidə… – Video + İnfoqrafika

Batumidə azərbaycanlı icması

Azərbaycanda Batumi əsasən orta imkanlı vətəndaşların istirahətə getdiyi yer kimi tanınır. Lakin çox az insan bilir ki, Batumi etnik azərbaycanlı icmasının məskunlaşdığı bölgələrdəndir – Marneuli, Dmanisidəki qədər olmasa da, burda da azərbaycanlıların sayı çoxdur.

2019-cu ildə “Qərb Xəbər” saytının həyata keçirdiyi “Qonşular” layihəsi Batumi şəhərinin azərbaycanlıları ilə də görüşdü.

Məlum oldu ki, burada “Gürcüstan Azərbaycanlılarının Xeyriyyə Cəmiyyəti” fəaliyyət göstərir. 

Cəmiyyətin qurucusu və rəhbəri Vidadi Axundov olub. Hazırda quruma Mübariz Məmmədov rəhbərlik edir.

Gürcüstan Azərbaycanlılarının Xeyriyyə Cəmiyyəti ildən-ilə Azərbaycanın müxtəlif bayramlarını, hüzn günlərini qeyd edir, adət-ənənələrini yaşatmağa çalışır.

M.Məmmədovun dediyinə görə, təşkilat təqaüdçülərə, dolanışığı zəif olan adamlara da əlindən gələn qədər köməklik göstərir, amma onların əsas hədəf qrupu əlillərdir.

Bu işdə onlara müxtəlif kommersiya və dövlət təşkilatları, böyük şirkətlər köməklik göstərir.

Gürcüstanın başqa bölgələrində fəaliyyət göstərən bu kimi qurumlarla da əlaqə yaradır, onlarla ortaq layihələr həyata keçirməyə çalışırlar.

Ən çox arzuladıqları isə vətənindən uzaqda yaşayan azərbaycanlıların öz kimliyindən, tarixi keçmişindən qopmamasıdır. Buna nail olmaq üçün Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarıyla əməkdaşlıq etməkdə, mədəni ələqələrin dərinləşdirilməsində maraqlıdırlar. Və ümid edirlər ki, onların səsinə səs verən olacaq.

“İcmamızın müxtəlif problemləri var”

İrma Xabadze Batumidə doğulub böyüyüb. Hazırda da orada yaşayır. Ailəsi əslən batumilidir. Özünü biləndən istər köhnə Batumi, istərsə də yeni Batumi onun sevimli şəhəridir. O, buranın hər şeyini sevir; həm tarixi yerlərini, həm də günü-gündən müasirləşən yerlərini. Ancaq özünün dediyinə görə, artıq heç nə əvvəlki kimi deyil, qabaqlar hər şey başqa imiş. Yenə də həyat davam edir; onu hər növ yeni binalar sevindirir. Eləcə də Batumiyə gəlib-gedən turistlər… Qonaqpərvər xalq olduqlarını xüsusilə vurğulayır.

Buna rəğmən böyüyüb boya-başa çatdığı şəhərin sosial problemləri də yox deyil. Bu kimi məsələləri və həlli yollarını dilə gətirdiyi videonu təqdim edirik.

“Gecə bizim evimizdən çıxardılar”

Geladze Nodar Batuminin Xulo rayonunda gecəqondu məhəlləsində yaşayır. Gürcüstanın keçmiş prezidenti Mixayıl Sakaşvilinin dövründə evi əlindən alınıb.

Aşağıdakı videoda özü ilə yanaşı evi əlindən alınmış digər insanların üzləşdikləri çətinliklərdən danışıb.

Gürcüstanda yaşayan azərbaycanlıların sayı – İllər üzrə
Infogram