Ölkə

Rusiya Ermənistanı müharibəyə hazırlayır – VİDEO

Cənubi Qafqaz nəhəng siyasi iradə mərkəzlərinin maraqlarının kəsişdiyi regiondur. Həmin beynəlxalq siyasi iradə mərkəzləri heç bir halda öz maraqlarından və mənafelərindən imtina etməyəcəklər. Bu isə o deməkdir ki, Cənubi Qafqaı dünyanın “qaynar nöqtə”lərindən birinə çevrilmək təhlükəsi ilə üz-üzədir. 

Ermənistanın son hərbi qarşıdurması bu regionda yeni situasiya yaratdı. Bu gün  heç kimə sirr deyil ki, erməni hərbi təxribatlarına cavab olaraq, Azərbaycan-Türkiyə ittifaqı yaranıb. Yəni Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Bu isə Rusiyanın regional hegemonluğunu şübhə altına salmaqdadır.

Baş verənlərin fonundu Rusiyanın Ermənistanı silahla təchiz etməsi Azərbaycan tərəfini narahat etməyə bilməzdi. Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin arasında bir müddət öncə baş tutmuş telefon danışığında da bu mövzuya toxunuldu. 

Bu günlərdə Azərbaycana səfər etmiş Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəsmi Bakının Ermənistana hər gün silah daşınması ilə bağlı iradlarına verdiyi izahat da qənaətbəxş deyil. Belə ki, S.Şoyqu Rusiyanın Azərbaycan əleyhinə heç bir addım atmadığını qeyd edərək, Ermənistana silah daşınmadığını bildirib.

S.Şoyqunun sadəcə, nəzakət xatirinə qəbul edildiyinin açıq-aşkar müşahidə olunması qətiyyən təsadüfi sayılmamalıdır. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, adətən, belə görüşlərdə xüsusi vurğulanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığı kimi önəmli mövzulara toxunmadı.

Rusiya Ermənistanı dəstəklədiyini ilk dəfə bu qədər açıq şəkildə göstərir. Hər halda, Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu üzrə Rusiyadan Ermənistana silah daşınmasının ifşa edilməsi Kremlin öz dəstəyini gizlətməsinin qarşısını aldı. Rusiya son 20-25 gün ərzində Ermənistana daha 500 tondan artıq silah-sursat daşıyıb.

Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır.