Baş Region Sağlamlıq Salyan

Salyan sükuta qərq oldu – VİDEO

İyunun 14-ü gecədən etibarən Salyan rayonu tamamilə sükuta qərq olub.

Baku TV xəbər verir ki, sərt karantin rejiminin qüvvəyə minməsindən sonra insanların yaşayış yerlərinin tərk etməsi qadağan edilib.

Bununla yanaşı, bütün xidmət və ticarət sahələrinin, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam dayandırılıb. Yalnız küçələrdə xüsusi icazəsi olan maşınları görmək mümkündür.

Hazırda şəhərin daim sıxlıq müşahidə edilən küçə və prospektləri səssiz günlərini yaşayır. Mərkəzlə bərabər rayonun bütün yaşayış məntəqələrinə də ciddi nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.

Sərt karantin rejiminin ikinci günü olmasına baxmayaraq, hələlik rayonda qanun pozuntusu qeydə alınmayıb. Onu da deyək ki, xüsusi təyinatlı maşınlar vasitəsi ilə şəhərin mərkəzi küçə və prospektləri kimyəvi məhlullarla yuyulur, həmçinin, sanitar həkimlər tərəfindən parklar, uşaq əyləncə mərkəzləri, səkilər və digər ərazilər dezinfeksiya edilir.  

Operativ qərargahın qəbul etdiyi qərara əsasən, iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində sərtləşdirilmiş karantin rejimi tətbiq olunub/oxu.az.