Dünya İdman

Türkiyə futbolunda qalmaqal- FOTO/VİDEO

Türkiyə Superliqasının XXVIII turu çərçivəsində keçirilən “Alanyaspor” – “Trabzonspor” oyunundan (2:2) sonra qalmaqal yaşanıb.

Çempionluğa namizəd “Trabzonspor”un xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesaba tarazlıq gətirib.

Məğlubiyyətdən qurtulmağın sevincini yaşayan “Alanyaspor” matça tribunadan baxan “Trabzonspor” rəhbərliyinin etirazı ilə qarşılaşıb. Narazılığın böyüməsi nəticəsində tərəflərin rəsmiləri tribunada dalaşıb.

Daha sonra qonaq komandanın prezidenti Ahmet Ağaoğlu və ətrafındakılar meydana daxil olaraq, rəqib klubun əməkdaşlarına hücum çəkib. Davanı polisin müdaxiləsi ilə dayandırmaq mümkün olub.

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun qardaşı, “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu Ahmet Ağaoğlunun sərxoş olduğunu bildirib. O qeyd edib ki, anası və böyük qardaşının həyat yoldaşı söyülüb. Davada, həmçinin, “Trabzonspor”un baş məşqçisi Hüseyin Çimşir iştirak edib.

Lakin Ahmet Ağaoğlu ömründə içki içmədiyini, polisdə alkoqol testindən keçəcəyini, əksinə, onun mərhum anasının söyüldüyünü bildirib.

Qeyd edək ki, bu xal itkisindən sonra “Trabzonspor” turnir cədvəlində birinci yerlə vidalaşıb. Hazırda “Başakşehir” çempionatın sonuna altı tur qalmış “Trabzonspor”u iki xal qabaqlayır.