Təhsil

Universitetlərə tələbələrin qeydiyyatı hansı şəkildə aparılacaq? – Mətbuat katibləri danışdı

DİM tərəfindən ixtisas seçimin nəticələri artıq elan edildi. 

25 sentyabr- 7oktaybar tarixləri arasında  ali təhsil müəssisələrinə qeydiyyat prosesi aparılacaq.

Tələbə adını yeni qazananları maraqlandıran əsas suallardan biri də qeydiyyatın hansı  şəkildə aparılacağıdır.

AzEdu.az ali təhsil müəssisələrinin mətbuat katibləri ilə apardığı sorğuda qeydiyyat prosesinin hansı şəkildə aparılacağı  məsələsinə aydınlıq  gətirib:

Azərbaycan Dövlət İqtisad  Universiteti, İcimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova:

Bu il UNEC-ə sənəd qəbulu onlayn şəkildə aparılacaq.Prosedurun necə olacağı ilə bağlı ətraflı məlumat təqdim ediləcək. Tələbələrə tövsiyyə edirik ki, universitetin saytını izləsinlər və prosedura uyğun şəkildə  sənədləşdirmə aparsınlar. Qeydiyyatı özləri aparsınlar, ödəniş edərək başqasına həvalə etməsinlər. Hər hansı bir çətinlik yaranacağı  təqdirdə  saytda qeyd  olunan nömrə ilə əlaqə saxlasınlar.

Qeydiyyat prosesində yeni qəbul olan tələbələrimizə UNEC  Tələbə Həmkarlar Təşkilatının üzvü olan könüllülərimiz  dəstək göstərəcək.  Qeyd olunan saatlarda istənilən yaranmış problemlə bağlı əlaqə saxlasınlar, onlara qeydiyyat zamanı  hərtərəfli dəstək veriləcək.

Bakı Ali Neft Məktəbi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova:

-Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ilə bağlı aidiyyəti qurumlar rəsmi qərarı açıqladıqdan sonra Bakı Ali Neft Məktəbi olaraq qeydiyyat prosesini bu qərara uyğun qurmağa hazırıq.

Magistratura pilləsi üzrə biz bu prosesi onlayn qaydada həyata keçirdik. Bunun üçün Bakı Ali Neft Məktəbinin rəsmi internet saytında müvafiq bölmə yaradılmışdı.

Şöbə müdiri, qeydiyyatın onlayn olacağı təqdirdə aparılacaq  prosesi izah edib:

Kifayət qədər sadələşdirilmiş sistem üzərindən qeydiyyat üçün tələb olunan sənədlərin skan versiyasının təqdim edilməsi və onlayn qeydiyyat formasının doldurması yolu ilə qeydiyyat prosesinin tamamlanması mümkündür. Bunun üçün rəsmi internet resursumuz üzərindən sınaqdan keçirilmiş sistem mövcuddur.

Qeydiyyat  prosesi fiziki və onlayn olmasından asılı olmayaraq, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq əmri ilə, bu prosesi həyata keçirəcək məsul şəxslər də təyin olunub. Hər iki halda əməkdaşlarımız qeydiyyat zamanı abituriyentlərə bütün metodiki və texniki dəstəyi göstərməyə hazırdırlar.

Şöbə müdiri, BANM-ı seçən tələbələrə öz tövsiyyələrini verdi:

Statistika göstərir ki, BANM-ə qəbul olan tələbələr kifayət qədər intellektual potensiallı tələbələrdir, onlar kifayət qədər çalışqan, dispilinli olurlar. Bununla belə, tövsiyə edərdim ki, çox çalışmaqla yanaşı, Bakı Ali Neft Məktəbində yaradılan çoxsaylı imkanlardan maksimum faydalanmağa çalışsınlar. Təşkil olunacaq ədəbi-bədii tədbirlərdə, intellektual və idman yarışlarında, ekskursiyalarda, təqaüd və təcrübə proqramlarında fəal olsunlar. Akademik biliklərlə yanaşı, sosial bacarıqlarını da inkişaf etdirsinlər. Bu onlara gələcək karyeralarında çox kömək olacaq. Fürsətdən istifadə edib, tələbə adı qazanan hər kəsi, eləcə də Bakı Ali Məktəbinə qəbul olan tələbələrimizi təbrik edir, uğurlar arzu edirəm.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov:

ADNSU-dabu il qeydiyyat prosesi magistraturada olduğu kimi onlayn şəkildə aparılacaq. Universitetin saytında bunun üçün xüsusi səhifə yaradılıb. Bakalavrlar eynilə magistraturaya qəbul olunan tələbələrin keçdiyi qaydada qeydiyyatdan keçəcəklər.

Direktor universitetin missiyası, gördüyü işlərdən söz açaraq tələbələrə öz tövsiyyələrini verib

“Universitetimizin bu il  100 yaşı tamam olur və prezidentin qərarı ilə yubileyimiz qeyd olunur. Bu 100 il ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qədər Azərbaycan sənaye və iqtisadiyyatına yüksək ixtisaslı  kadrlar  hazırlayan başqa bir universitet çətin ki, tapılsın. Universitetin missiyası Azərbaycan iqtisadiyyatı və sənayesinə xidmətdir və bizim məqsədimiz yüksək ixtisaslə kadrlar yetişdirmək, insan kapitalı formalaşdırmaqdır. Yeni tələbə adını qazanmış gənclərə əsas  tövsiyyəmiz odur ki, yaxşı  təhsil alsınlar və dərslərinə diqqətlə yanaşsınlar.

O, universitetin birinci kurs tələbələri ilə olan tanışlıq gününə olan hazırlığından söz açıb

Artıq məlumdur ki, pandemiya səbəbi ilə birinci kurslar oktyabrın 1-də tanışlıq üçün universitetlərə gələ biləcəklər və bununla bağlı epidemioloji vəziyyəti nəzərə alaraq hər cür hazırlıq işləri görülüb. Sosial məsafənin gözlənilməsi, maskadan istifadəyə nəzarət ediləcək eyni zamanda hər mərtəbədə əllərin daima dezinfeksiya edilməsi üçün vasitələr yerləşdirilib.

Tələbələrimizə uğurlar arzulayırıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və müəllim heyəti onları səbirsizliklə gözləyir.

Bakı Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Orucəliyeva:

Bakı Dövlət Universitetinin artıq  magistratura təhsil səviyyəsi üçün onlayn qeydiyyatla bağlı təcrübəsi var.  2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatının onlayn formada aparılması üçün BDU-nun bütün imkanları mövcuddur. Böyük ehtimal tələbələrin universitetə qeydiyyatı BDU-da da onlayn olacaq.

Əvvəlcə BDU-ya daxil olan tələbələri təbrik edirəm. Tələbə adını qazanmaq xüsusilə ölkənin flaqman ali məktəbi olan Bakı Dövlət Universitetinin tələbəsi olmağın qürurunu yaşasınlar və hər zaman ölkəmizin inkişafına öz tövhələrini verən mütəxəssis kimi yetişsinlər.

Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Esmira İsmayılova:

Pandemiya səbəbi ilə bu il Lənkəran Dövlət Universitetinə tələbələrin qeydiyyatı onlayn şəkildə aparılacaq.

Tələbələr əmin olsunlar ki, universitetimizi seçdikləri üçün əsla peşman olmayacaqlar.Çünki universitetimizin güclü professor-müəllim heyəti, şəffaf təhsil mühiti var. Bizim əvvəl 160 nəfərlik yataqxanamız tələbələrin ixtiyarında idi, bu il isə 1500 yerdən ibarət yeni korpusun inşasına başlanılır. Eyni zamanda 350 yerlik yataqxana binasının inşası da nəzərdə tutulur.

Şöbə müdiri, universitetin inkişaf və yeniliklərindən söz açıb

Universitetimizin Elmi Kitabxanasının əsaslı təmiri də bu il reallaşacaq. Ötən əsrin 70-ci illərində inşa edilmiş bina müasir tələbləri ödəmədiyindən fəsad hissəsi tam söküləcək və rekonustruksiya olunacaq. Binanın birinci mərtəbəsində modern akt zalı və oxu zalları, ikinci mərtəbəsində isə kitabxananın bölmələri və işçi heyəti yerləşdiriləcək.

İki il öncə ilk dəfə olaraq LDU-da professor və müəllim heyətinin mobilliyini təmin etmək məqsədi ilə hər birinin sahəsi 50,05 kvadratmetr olmaqla altı ikiotaqlı mənzil istifadəyə verilmişdi.Cari tədris ilində də bu ənənə davam etdiriləcək və daha 12 mənzilin inşa olunaraq müəllimlərin istifadəsinə verilməsi həyata keçiriləcək.

O, mövcüd olan ixtisaslardan bəhs edərək tələbələr üçün yaradılmış xüsusi imkanlara diqqət çəkib

Bizdə müxtəlif  kənd təsərrüfatı ixtisasları mövcuddur: bitkiçilik, aqronomluq, qida təhlükəsizliyi,çayçılıq təsərrüfatı, baytarlıq  ixtisası. Bütün ixtisasların geniş və faydalı tədirisi üçün biz tələbələrə hər növ şərait yaratmışıq.

Təhsil göstəriciləri yüksək olan tələbələr üçün universitetin vəsaiti hesabına xüsusi təqaüd  ayrılacaq.

LDU-nun müəllim və professor heyəti tələbələri səbirsizliklə gözləyir!

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə:

– Bildiyimiz kimi ali təhsil müəssislərinə sənəd qəbulu 25 sentyabr – 7 oktyabr tarixlərini əhatə edəcək. Mingəçevir Dövlət Universitetinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı onlayn formada aparılacaq. Qeydiyyat üçün lazımlı sənədlər qebul2020@mdu.edu.az  elektron poçt ünvanına göndəriləcək.

Şöbə müdiri, yeni qəbul olanlara öz tövsiyələrini bildirib

Mingəçevir Dövlət Universiteti tələbələrinə tövsiyyəm odur ki, tələbəlik illərində özlərinə maksimum dərəcədə yatırımlar etsinlər. Yatırım deyəndə nəyi nəzərdə tuturam? Təbii ki, özlərinə, dünya görüşlərinə, təcrübələrinə, xarici dil biliklərinə, kompüter biliklərinə və digər sahələrdə olan bacarıqlarına yatırımlar etsinlər. Unutmasınlar ki, bilik və bacarıqlar üçün çəkilmiş əziyyət heç vaxt yerdə qalmır. Bu istiqamətdə Mingəçevir Dövlət Universiteti yeni tədris ilindən etibarən ödənişsiz kompüter və xarici dil kursları təşkil edərək tələbələrimizə bu istiqamətdə öz tövhələrini verməyə çalışacaq. İnanırıq ki, tələbələr bu fürsətlərdən maksimum faydalana biləcəklər. Bunlardan əlavə apardığımız əməkdaşlıqlar nəticəsində tələbələrimiz həm yerli təhsil müəssisələrində, həm də bir çox xarici universitetlərdə 1 və ya 2 semestrlik mübadilə proqramı vasitəsi ilə təhsil ala bilərlər.

İxtisas seçimində uğur qazanaraq ali təhsil müəssisələrinə qəbul olan abituriyentləri təbrik edir, onlara uğurlar arzulayırıq!