Region

Vergilər Nazirliyi İmişlidə görüş keçirib

aranxeber.com xəbər verir ki, martın 7-də Vergilər Nazirliyinin rəhbər şəxsləri İmişlidə zona görüşü keçirib. Tədbirdə İmişli ilə yanaşı Beyləqan, Ağcabədi, Xocavənd, Füzuli və Laçın rayonlarının vergi orqanlarının əməkdaşları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq çıxış edən vergilər nazirinin müşaviri Elçin Məmmədov vergi sistemində mövcud olan problemlərdən və bu çatışmazlıqların aradan qaldırılması yollarından danışıb:

“Vergilər Nazirliyinin son aylarda əsas hədəfi ona yönəlib ki, ölkədə vergi ödəmələri tam şəffaflaşsın, sahibkarlar incidilməsin, onlara bu sahədə dəstək göstərilsin. Bundan başqa, vergi sistemində neqativ hallar da istisna deyil. Belə halların aradan qaldırılması təkcə nazirliyin yox, həm də sahibkarların əsas vəzifələrindən olmalıdır. Vergi ödəyicisi özü maraqlı olmalıdır ki, fəaliyyətini qanuni prinsiplər üzərində qursun. Biz birlikdə elə çalışmalıyıq ki, əməkdaşlığımız həm özünüzə, həm də dövlətə faydalı olsun”.

Vergi siyasəti və strateji araşdırmalar departamentinin müdir müavini Nicat İmanov vergi siyasətindən danışaraq bildirib ki, ödəyicilər, ilk növbədə, hüquqi prinsipləri lazımi səviyyədə bilməli, qarşılarına çıxan problemlərlə bağlı onları məlumatlandırmalıdırlar:

“Sahibkarlar öz hüquqlarını bilməli, eyni zamanda dövlətin vergi qanunlarına əməl etməlidirlər. Onlar sənədləşmə işlərində daha diqqətli olsalar, öz fəaliyyətlərini də rahat qura bilərlər. İstərdik ki, qarşılaşdığınız süni əngəllərlə bağlı bizə məlumat verəsiniz. 2018-ci il keçid ilidir, sahibkarlar bu vaxtdan səmərəli istifadə edərək işlərindəki çatışmazlıqları aradan qaldırmaqda maraqlı olmalıdırlar. Növbəti ildə isə neqativ hallara qarşı sərt tədbirlər görüləcək”.

İmişlidə sahibkarlıqla mışğul olan Arif Qasımov yol vergisinin tutulmasından şikayətlənib:

“Bu vergi növünün sənədləşmələrində müəyyən qüsurlar var. Bəyannamədə nəzərdə tutulan müddəalarla bizdən tutulan yol vergisinin qaydaları düz gəlmir”.

Beyləqandan gəlmiş kiçik sahibkar İlkin Əliyev rəqabətin düzgün aparılmamasından şikayətlənib:

“İri sahibkarlar mənim kimi çörəkpulu qazananları sıradan çıxarmaq üçün çox vaxt xırda malları aldıqları qiymətə də satır. Bəs biz evimizə çörək aparmalı deyilik? Kimin pulu çoxdursa, o, imkansızı sıxışdırmalıdır?”

Ağcabədidən olan sahibkar Teymur Rəhimov isə nağd ödəmələr sistemində olan çatışmazlıqlardan danışıb:

“Nəyə görə biz əldən-ələ vergi ödəməliyik? Belə olan halda kim deyə bilər ki, həmin vergi məmuru bizdən adığı pulu dövlətə köçürür? Birdəfəlik nağd ödəmə sisteminə keçmək olmazmı?”

Sonda bir daha çıxış edən vergilər nazirinin müşaviri Elçin Məmmədov 2019-cu ildə qüvvəyə minəcək yeni Vergi Məcəlləsində sahibkarların təkliflərinin nəzərə alınmasına çalışacaqlarını bildirib.

 

[Best_Wordpress_Gallery id=”62″ gal_title=”Vergilər Nazirliyi İmişlidə görüş keçirib”]

Bir cevap yazın