Təhsil

Xaricdə təhsil almış gənclər Azərbaycanlı Tələbə və Məzunlar Platformasını yaradır

Xarici ölkələrdə təhsilini başa vuraraq, ölkəmizə qayıtmış və müxtəlif sahələrdə çalışan bir qrup aktiv gənc yeni bir ictimai təşkilatın – Azərbaycanlı Tələbə və Məzunlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Oxu.Az xəbər verir ki, hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirəcək təşkilatın əsas məqsədi məzunların şəxsi təcrübələrinə əsaslanaraq, təhsil dövrü ərzində tələbələrin qarşılaşa biləcəkləri müxtəlif xarakterli çətinliklərin həllində onlara yardımçı olmaqdır.

Eyni zamanda, xaricdə təhsil alan tələbələr barədə dolğun məlumat bazası yaratmaq niyyətində olan təşkilat müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi üzrə xaricdəki tələbələr üçün əsas informasiya portalı rolunu oynayacaq.

Tələbələr arasında şəbəkələşmənin təmin edilməsi, gənc kadrların karyera inkişafının dəstəklənməsi, təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi, həmçinin, Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması və Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması da təşkilatın əsas fəaliyyət istiqamətləri arasında olacaq.  

Azərbaycanlı Tələbə və Məzunlar Platforması hazırda xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş, həmçinin, xarici universitetlərdə təhsil almaq niyyətində olan bütün gəncləri platformaya qoşulmağa, onun fəaliyyətindən yararlanmağa və bu fəaliyyətə töhfə verməyə dəvət edir.

Qeyd edək ki, bu təşkilatın işi ilə maraqlanan tələbə və məzunlar, platformanın yeni yaranmış sosial şəbəkə hesablarında (Azerbaijani Students and Alumni Platform) bütün xəbər və elanlarla daha yaxından tanış ola bilərlər. 

fb.me/asaplatform2020

@asaplatform