Hadisə

Yeddi milyon manatlıq yolun son vəziyyəti- VİDEO

Xırdalanda yol problemi bitmək bilmir. Hətta bəzi küçələrdə yol infrastrukturunun bərpası üçün ötən il Prezident İlham Əliyev külli miqdarda vəsait də ayırıb. Amma hazırda həmin ərazilərdə kələ-kötür yollardan başqa gözə çarpan nəsə yoxdur. Elə sakinlər də illərdir həll olunmayan yol problemlərindən bezib.

Baku TV xəbər verir ki, yolların bu vəziyyətdə olması sürücüləri də narahat edir.

Onlar deyir ki, kələ-kötür yollar səbəbindən avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildiriblər ki, həmin ərazilərdə hazırda təmir işləri aparılır. Lakin bütün küçələrin tam bərpasının başa çatdırılması ilin sonuna qədər çəkəcək.

“Xırdalan şəhərində 5,1 km uzunluğu olan H.Əliyev küçəsinin və 5,4 km uzunluğunda Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin təmiri nəzərdə tutulurdu. Nizami və Qalubiyyə küçələrində təmir yekunlaşıb. H.Z Tağıyev və S.Bəhlulzadə küçələri də ilin sonuna qədər təmir olunacaq”, – deyə AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Xırdalan şəhərində yol infrastrukturunun bərpası üçün ümumilikdə 6,9 milyon manat vəsait ayırıb. Amma ayrılan vəsaitlərə rəğmən, Xırdalan şəhərində bir çox daxili yollar, o cümlədən elə aşağıdakı süjetdə işıqlandırılan H.Z.Tağıyev küçəsi təmirsiz qalıb.